Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı
Ümumi məlumatlar
[redaktə | mənbəni redaktə et]Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür.
Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. 1 hektar meşə 200 insanı xilas edir.[1]
Əsas xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Meşənin əsas xüsusiyyətləri bitki örtüyünün altında formalaşan mikroiqlimdir. Meşənin mikroiqlimi ətraf mühitin iqlimindən fərqlidir. Açıq ərazilərdən fərqli olaraq meşədə qış mövsümündə havanın temperaturu 3–5 °C yüksək olur. İsti yay günlərində isə əksinə, temperatur bir neçə dərəcə aşağı enir.[2]
Meşədə rütubətlilik də yüksək səviyyədə olur. Ağacların çətiri günəş şüalarının qarşısını kəsərək kölgəlik əmələ gətirir və güclü küləklərin qarşısını alır. Bütün bu amillər müxtəlif meşə bitkiləri və heyvanların həyatı üçün əlverişli yaşayış mühiti yaradır. Ağacların çətiri altında toxumlar da inkişaf edir.
Ekosistemi
[redaktə | mənbəni redaktə et]Meşə ekosistemi özü-özünü tənzim edir. Meşədəki ağaclar, kol, ot bitkiləri ömrünü başa vurduqda onların əvəzində yeni bitkilər inkişaf edir və yaranan boşluqlar bərpa olunur. Toxunulmamış qədim meşələrə Yer kürəsinin yalnız ən ucqar guşələrində təsadüf olunur. Planetdəki meşələrin əksər hissəsi çox zaman insan fəaliyyətinin təsiri altında olduğuna görə sonradan bərpa olunmuş meşə sahələri hesab edilir.
Meşə ekosisteminə daxil olan bütün komponentlər bir-biri ilə sıx əlaqədə olur. Məsələn, quşlar meyvə və toxumlarla qidalanaraq toxumların uzaq məsafəyə yayılmasında iştirak edirlər. Ağac göbələklərinin inkişafı ağaclardan asılıdır. Məhv olmuş ağacların budaqlarının və gövdəsinin çürüməsində iştirak edən göbələklər mineral maddələrin torpağa qayıtmasına kömək edirlər.
Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Meşənin müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində formalaşır. Sıx bitki örtüyü əmələ gəldikdən və heyvanların yaşayış şəraiti formalaşdıqdan sonra mikroiqlim yaranır. Daha sonra meşənin özünü tənzimləmə qabiliyyəti bütün təbii prosesləri nizamlayır. Qocaman ağaclar məhv olduqca yerini cavan ağaclar tutur.
Meşələrin qırılması
[redaktə | mənbəni redaktə et]Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-də, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır. Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan "istixana effekti"nə şərait yaradır. İsti torpağı qızdıraraq atmosferdəki karbon səddini dəf edib, kosmik fəzaya çıxa bilmir, torpağı isitməklə temperaturu qaldırır. Yerin hərarətinin +10 °C artması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsi sürətlənər, mütəxəssislərin hesablamalarına görə, artıq XXI əsrin ortalarında dünya okeanının səviyyəsi 1–5 metr qalxa bilər ki, bu da Yerin bir sıra regionlarının – Maldiv adalarının, Sankt-Peterburqun, Nil deltasının, Azərbaycan hüdudlarında Xəzər dənizinin cənub sahillərinin su altında qalmasına səbəb olar. Havanın qızması ABŞ-də, Rusiyada, Çində və digər ölkələrdə quraqlığın artması ilə müşayiət olunmuşdur.
Optimal meşəlik
[redaktə | mənbəni redaktə et]Optimal meşəlik müəyyən meşəbitmə şəraitindən özünün məqsədyönlü vəzifəsini daha yaxşı yerinə yetirən meşəlik. Optimal meşəlik yaradarkən ən mühüm komponent meşəliyin optimal tərkibi və optimal strukturu hesab olunur. Meşəliyin optimal tərkibi məsələsinin həllində ağac cinslərinin meşəbitmə şəraitində tələbatını, digər ağaclarla dinamik əlaqəsini, məhsuldarlığını, quruluşunu, əmtəəliyini və müxtəlif tərkibli meşəliyin təsərrüfatı qiymətini təyin etmək lazımdır. Meşəliyin optimal strukturunu təyin edən əsas amil ağaclığın sıxlığı (doluluğu) sayılır. Rekreasiya təzyiqi altında olan və torpaqqoruyucu funksiyalı meşələrin optimal tərkibi və strukturu Optimal meşəlikdə əsasən estetik və qoruyucu planda daha effektli olmalıdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının meşələri". 2015-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.
- ↑ Məktəb meşəçiliyinin yaradılması [ölü keçid]
- ↑ Məmmədov Q. Ş., Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
Mənbə
[redaktə | mənbəni redaktə et]- Meşələrin bərpası və artırılması üzrə Milli Proqram uğurla həyata keçirilir [ölü keçid]
- Meşələr
- Meşəbərpa tədbirləri Arxivləşdirilib 2009-01-02 at the Wayback Machine
- DEYƏSƏN, MEŞƏLƏRİN BƏRPASI MİLLİ PROQRAMI İFLASA UĞRAYIB [ölü keçid]