Meydan məscidi (Nüsnüs)

Meydan məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində indiyədək salamat vəziyyətdə gəlib çatan məscidlərdən biri. Məscid kənd mərkəzində yerləşir.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Kəndin mərkəzi meydanında yerləşməsi səbəbindən kənd əhalisi tərəfindən "Meydan məscidi" adlandırılan məscidin girişi cənub tərəfdəndir.

Memarlıq quruluşu

[redaktə | mənbəni redaktə et]

Məscidin cənub divarı bişmiş kərpiclə üzlənmişdir. İri həcmdə (uzunluğu 16 metr, eni 10,5 metr=168m2) inşa edilmiş məscidin daxildən hündürlüyü 5 metrə yaxındır. Məscidin tavanı hər cərgədə 6 ədəd olmaqla 12 ağac sütunun üstündə oturmuşdur (2x6). Giriş qapısından sağ tərəfdə qoyulan 4 ədəd pəncərə məscidin daxilini yaxşı işıqlandırır.

"Meydan məscidi"nin giriş qapısının baş tərəfində yaşılımtıl rəngli daş lövhə üzərində fars dilində beş sətirdə oyma üsulu ilə həkk edilmiş kitabə vardır. Kitabənin mətninin tərcüməsi belədir: "Nüsnüs camaatı və başqaları …adət üzrə… məscid şəban ayı, 1335-ci il tarixində, rus müharibəsi zamanı bərpa olundu… etdi"

Şəban ayı, 1335 h.i.=21.06.-21.07.1917-ci il. Məscidin cənuba baxan pəncərələrindən birinin baş tərəfində, bişmiş kərpic üzərində oyma üsulu ilə beş sətirdə yazılmış başqa bir kitabə də vardır. Kitabənin mətninin tərcüməsi belədir: "Məscid şəban ayının 24-ü, 1335-ci ildə (15.06.1917-ci il), Rusiya-Türkiyə müharibəsi zamanı təmir olundu".

Birinci kitabədə "Rus müharibəsi", ikinci kitabədə isə "Rusiya-Türkiyə müharibəsi" söz birləşmələri diqqəti cəlb edir. Kitabəni yazan bu xəttat və həkkak hər iki kitabədə bu fikirləri vurğulamaqla məsciddə bərpa-təmir işlərinin həmin vaxt, yəni 1917-ci ildə davam edən Birinci Dünya müharibəsi çərçivəsində Antanta bloku tərəfindən Rusiya ilə "Üçlər ittifaqı" tərəfindən Türkiyə arasında Qafqaz cəbhəsində davam edən müharibəni nəzərdə tutmuşdur. Kitabədən aydın olur ki, Azərbaycanın da Rusiyanın tərkibində olması səbəbinin dolayısı ilə I Dünya müharibəsində iştirak etdiyi dövrdə məsciddə bərpa-təmir işləri aparılmışdır.

Məscidin içərisində, cənuba baхan pəncərənin baş tərəfində, gəc üzərində, qara rənglə, fars dilində dörd sətirdə yazılmış mənzum kitabə var idi. Kitabənin mətninin tərcüməsi belədir:

Bu Hüseyn kimdir ki, aləm onun divanəsidir?
Bu necə şamdır ki, canlar onun pərvanəsidir. Bu necə şurdur ki, dünya хalqlarında
Bu necə əza və necə matəmdir, bu dərd üçün ərşə yetişir[1].

Məscidin inşa tarixini XVIII əsrin sonları — XIX əsrin əvvəllərinə aid etmək olar.

  1. Сафаров Ф. Арабо-персоязычные надписи Нахичеванской АССР (ХVI-ХIХ вв) как историко-культурные памятники. Диссертация на сосискание ученой степени канд. ист. наук. Баку, 1987, 179 с. НАИИ НАН Азербайджана. Инв.№ 8383., c. 38–39
  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.