Qədim yunan fəlsəfəsi
Yunanlar fəlsəfədə kainatın təbiəti haqqında hər bir ağlabatan sualı cavablandırmağa, həqiqət problemini və həyatın məqsədi və mənasını tapmağa çalışmışdılar. Fəlsəfədə bu günə qədər ən çox müzakirə edilən mövzu yunanların qərarlarının həqiqiliyi barədə olmuşdur. Bu fakt onların nailiyyətlərinin böyüklüyünü təsdiq edir.
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. "Antik fəlsəfə" anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin "İliada" və "Odisseya", Hesiodun (e.ə. VIII–VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır.
Qədim Yunan fəlsəfəsi bizim eradan əvvəl VI əsrin birinci yarısında Elladanın Kiçik Asiya hissəsində, İoniyada – Milet şəhərində yaranmışdır. Bu səbəbdən ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur.
Qədim yunan fəlsəfəsinin məktəbləri və əsas nümayəndələri
[redaktə | mənbəni redaktə et]Fəlsəfəöncəsi dövr
Müstəqil filosoflar
- Fales
- Anaksimandr
- Anaksaqor
- Elea məktəbi
- Pifaqorçular məktəbi
- Qədim yunan atomçuları
- Sofistlər məktəbi
Klassik yunan fəlsəfəsi
- Sokrat
- Sokratçı məktəblər:
- Kinik məktəbi
- Kirena məktəbi
- Aristippus
- Hegesias
- Annikeris
- Evhemerus
- Meqara məktəbi
- Meqaralı Evklides
- Stilpon Miletli
- Eubulides
- Diodorus Kronus
- Eretriya məktəbi
- Elidalı Fedon
- Eretriyalı Menedem
- Sokratçı məktəblər:
- Platon
- Aristotel
Yunan–Roma fəlsəfəsinin əsas inkişaf mərhələləri
[redaktə | mənbəni redaktə et]- Milet məktəbi - Həmin məktəbin fəlsəfi təsəvvürləri çox şeydə Homer və Hesiodun qədim görüşlərinə əsaslanırdı. Bununla yanaşı, Milet məktəbi ilk elmi (mifoloji yox) təfəkkür cəhdi hesab olunur. Qədim Yunanıstanda fəlsəfi inkişafın bu mərhələsinə Heraklit, Eleya məktəbi (b.e.ə. VI–V əsrlər) də daxil edilir.
- İkinci mərhələ - yunan fəlsəfəsinin bu mərhələsi böyük filosofların, o cümlədən görkəmli mütəfəkkirlər Sokrat, Platon, Aristotel, atomistlər məktəbi (Levkipp, Demokrit), Pifaqor məktəbi, sofistlər (Protaqor, Qorqiy) və s. adlarla bağlıdır.
- Ellinizm mərhələsi - bu dövr yunan quldarlıq cəmiyyətinin tənəzzülü ilə əlaqədardır. Nəticədə Yunanıstan parçalanır, bir sıra əyalətlər müstəqillik əldə edir. Lakin bu da çox uzun sürmür. Yunanıstan və əyalətləri makedoniyalı İskəndərin imperiyasının tərkibinə daxil edilir. İşğalçı İskəndərin ölümündən sonra isə cəmiyyətin bütün sahələrində böhran güclənməyə başladı. Həmin dövrdə, yəni e.ə. IV–III əsrlərdə fəlsəfədə üç böyük cərəyan yaranıb inkişaf etmişdir. Bunlar, skeptisizm, epikürçülük və stoisizm idi.
Milet məktəbi
[redaktə | mənbəni redaktə et]Qədim Yunan fəlsəfəsi bizim eradan əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya hissəsində, İyoniyada – Milet şəhərində yaranmışdır. Bu səbəbdən ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur.
Yunan fəlsəfəsinin mənşəyi e.ə. 6-cı əsrə, Milet məktəbinə dayanır. Onun üzvləri Milet şəhərinin vətəndaşları idi. Onların fəlsəfəsi elmi və materialist idi. Milet məktəbinin həll etməyə çalışdığı əsas problem fiziki dünyanın təbiətini izah etmək idi. Onlar inanırdılar ki, hər şey ilkin maddəyə qədər kiçilir və bu maddə planetlərin, ulduzların, heyvanların, bitkilərin və insanların özülüdür. Bu maddə vasitəsilə hər şey geri dönür. Milet məktəbinin banisi Fales hər şeyin mayedən təşkil olduğuna inanır və ilkin maddənin su olduğunu bildirirdi. Anaksimandr isə bunun su yaxud od kimi xüsusu məfhum deyil, “yaradılmamış və məhv olmayan” maddə olduğunu iddia edirdi. O, bu maddəni qeyri-müəyyən yaxud sonsuz adlandırırdı. Üçüncü miletli Anaksimen kainatın özül maddəsinin hava olduğunu elan etdi. Hava seyrəkləşəndə oda, sıxlaşanda isə növbə ilə küləyə, buxara, suya, torpağa və daşa çevrilirdi. Qərarların sadəlövhcəsinə olmasına baxmayaraq, Milet məktəbinin fəlsəfəsi böyük əhəmiyyət kəsb etmişdi, çünki o, yunanların dünyanın mənşəyi haqqındakı mifoloji inanclarını sarsıtmış və onları rasional izahlarla əvəz etmişdi.
İkinci mərhələ
[redaktə | mənbəni redaktə et]E.ə. 6-cı əsrin sonlarında yunan fəlsəfəsi metafiziki istiqamətdə inkişaf etməyə başladı. O, ancaq fiziki dünyanın problemləri ilə məşğul olmağı dayandırdı və diqqətini mövcudiyyətin təbiəti, həqiqətin mənası və məfhumlar cədvəlində dinin yeri haqqındakı qeyri-müəyyən suallara yönəltdi.
Pifaqorçular
[redaktə | mənbəni redaktə et]Yeni tendesiyaya ilk nümunə pifaqorçular idilər. Onlar fəlsəfəni daha çox dini cəhətdən izah edirdilər. Pifaqorçular haqqında az şey məlumdur. Onların lideri Pifaqor e.ə. 530-cu ildə Yunanıstandan şimali İtaliyaya köçmüş və Krotonda dini cəmiyyət yaratmışdı. O və davamçıları mücərrəd həyatın ən ali xeyir olduğunu, lakin fərdin bu həyatı seçmək üçün öz bədənini şər istəklərdən təmizləməli olduğunu bildirirdilər. Onlar məfhumların mahiyyətinin maddi cism deyil, mücərrəd prinsip, rəqəm olduğunu irəli sürürdülər. Onların fəlsəfəsinin əhəmiyyəti ruh və cism, harmoniya və ziddiyyət, xeyir və şər arasında irəli sürdükləri kəskin fərqlərdə idi, buna görə də onlar yunan fəlsəfəsində dualizmin banisi hesab edilirlər.
Pifaqorçuların fəlsəfəsi kainatın təbiət haqqındakı müzakirələri qızışdırdı. Onların müasirlərindən olan parmenidçilər məfhumların əsl təbiətinin stabillik və sabitlik olduğunu iddia edirdilər; dəyişiklik və müxtəliflik sadəcə hisslərin illüziya sıdır. Sabitliyin illüziya və sadəcə dəyişikliyin real olduğunu iddia edən Heraklit bu görüşə qarşı çıxdı. O, kainatın daimi axın vəziyyətində olduğunu irəli sürürdü; buna görə də “eyni istiqamətdə ikinci dəfə addımlamaq mümkün deyil”. Yaradılış və məhv, həyat və ölüm eyni rəsmin sadəcə iki zidd tərəfidir. Başqa sözlə, Heraklit yalnız gördüyümüz, eşitdiyimiz və hiss etdiyimiz məfhumların reallıq olduğuna inanırdı. Təkamül yaxud daimi dəyişiklik kainatın qanunudur, bu gün burada olan ağac və daş sabah olmayacaq; heç bir maddə əbədiyyət boyu sabit qalmır.
Atomçular
[redaktə | mənbəni redaktə et]Kainatın əsas təbiəti haqqındakı sualları cavablayan sonuncu məktəb isə atomçular olmuşdu. Atom nəzəriyyəsininin inkişafında rolu olan əsas filosof e.ə. 5-ci əsrin ikinci yarısında Frakiya sahilində yerləşən Abedra şəhərində yaşamış Demokrit idi. Adından da göründüyü kimi, atomçular kainatın əsas elementinin sonsuz sayda, məhv olmayan və bölünməz atomlar olduğunu iddia edirdilər. Onlar ölçü və formalarına görə fərqlənsələr də, quruluş cəhətdən tamamilə eynidirlər. Bu xüsusiyyətlərinə görə onlar əbədi olaraq müxtəlif formalarda birləşir, ayrılır və yenidən birləşirlər. Beləliklə, kainatdakı hər bir fərd və orqanizm atomların təsadüfi birləşməsinin məhsuludur. İnsan və ağac arasındakı yeganə fərq onların atomlarının sayı və formasındakı müxtəliflikdən irəli gəlir. Bu fəlsəfi cərayan erkən yunan fəlsəfəsinin materialist istiqamətinin sonuncu həlqəsidir. Demokrit ruhun əbədiliyini və hər hansı ilahi dünyanın varlığını rədd edirdi. Təəccüblüdür ki, o, mənəvi idealist idi; “yaxşılıq sadəcə pislik etməmək deyil, pislik etmək istəməməkdir”.
Sofistlər
[redaktə | mənbəni redaktə et]Təxminən e.ə. 5-ci əsrin ortalarında Yunanıstanda intellektual inkişaf başladı. Bunun səbəbi Afinada demokratiyanın yüksəlməsi idi. Vətəndaşların gücünün artması, individualizmin inkişafı və praktiki problemlərin həllinə olan tələbat düşüncənin köhnəlmiş formalarına qarşı reaksiya ilə nəticələndi. Bunun nəticəsində, bəzi yunan filosofları fiziki dünyanı öyrənməyi dayandırdı və diqqətini fərdlə daha yaxın mövzulara yönəltməyə başladı. Yeni intellektual cərəyanın ilk nümayəndələri sofistlər idilər. Bu termin "müdrik şəxslər" deməkdir, lakin daha sonralar saxta mühakimələr yürüdən insanları alçaltmaq üçün istifadə edilmişdi. Sofistlər haqqında əldə etdiyimiz biliklərin əksəriyyəti onların ən kəskin tənqidçilərindən biri olan Platona məxsusdur. Onlar ellin mədəniyyətinin ən yaxşı cəhətlərinin düşməni hesab edilirdilər. Müasir tədqiqatçılar onlar haqqındakı bu cür kəskin fikrləri rədd edirlər, lakin bu məktəbin bəzi üzvlərinin sosial məsuliyyət hissinin zəif olmasını və onların “pis vəziyyətin daha yaxşı vəziyyətə çevrilməsində” tamamilə insafsız olduqlarını qəbul edirlər.
- Sofistlərin ən görkəmli nümayəndələrindən biri, Abedra vətəndaşı Protaqor öz təlimlərinin çox hissəsini Afinada həyata keçirmişdi. Onun məşhur “insan hər şeyin meyarıdır” aforizmi sofist fəlsəfəsinin əsasını təşkil edir. Bununla o, yaxşılıq, həqiqət, ədalət və gözəlliyin insan arzuları və ehtiyacları ilə əlaqəli olduğunu demək istəyirdi. Mütləq həqiqət anlayışı yaxud düzlük və ədalətin əbədi standartı yoxdur. Məna qavrayışı biliyin yeganə mənbəyi olduğuna görə yalnız müstəsna həqiqət verilmiş zaman və məkan üçün doğru hesab edilir. Eynilə əxlaq anlayışı insana görə dəyişir, buna görə də həqiqət və yalanın bütün hallar üçün qəbul edilən qəti qanunları yoxdur.
- Sonrakı sofistlərin bəziləri Protaqorun təlimlərindən kənarlaşmışdılar. Frasimax Protoqourun təlimlərində birbaşa yer almayan individualizm məsələsini öz doktrinasında təhrif etmişdi; bütün qanunlar və ənənələr sadəcə ən ağıllı və ən güclü insanların arzularının ifadəsidir və onların mənafeyini güdür, buna görə də müdrik insan bütün qanunlardan uca və sadəcə şəxsi istəkləri ilə maraqlanan “tamamilə ədalətsiz insandır”. Onu da qeyd etmək lazımdır ki, insan (kişi) individualizmlə əlaqəli bütün yunan fəlsəfəsinin əsas mərkəzidir.
Buna baxmayaraq, hətta ən ifrat sofistlərin təlimləri belə heyrətamizdir. Bəzi sofistlər quldarlığı və yunanların irqi müstəsnalığını pisləyirdilər. Bəziləri praktik və proqressiv dünyagörüşünün, azdlığın və sıravi insanların hüquqlarının müdafiəçisi idilər. Bəlkə də ən əhəmiyyətlisi isə, sofistlər sayəsində fəlsəfə sadəcə fizika və metafizika ilə məhdudlaşmadı. Onlar fəlsəfəni əxlaq qaydaları və siyasətə qədər genişləndirdilər. Romalı Siseronun da dediyi kimi “onlar fəlsəfəni göylərdən insanların məskəninə endirdilər”.
Sofistlərin relyativizmi, skeptisizmi və individualizmi ciddi etiraza səbəb oldu. Daha mühafizəkar yunanlara görə bu doktrinalar ateizm və anarxiyaya gətirib çıxarırdı. Əgər qəti həqiqət yoxdursa və əgər xeyir və ədalət sadəcə insanın istəklərindən asılıdırsa, onda nəinki din, əxlaq və dövləti, həmçinin cəmiyyətin özünü belə qoruyub saxlamaq mümkün deyil. Bu inanc yeni fəlsəfi cərəyanın inkişafı ilə nəticələndi. Onun əsaslandığı nəzəriyyədə həqiqətin real olması və qəti standartların mövcudluğu irəli sürülürdü. Bu cərəyanın liderləri fəlsəfə tarixində 3 ən məşhur şəxs – Sokrat, Platon və Aristotel idi.
Sokrat
[redaktə | mənbəni redaktə et]Sokrat e.ə. 469-cu ildə Afinada sadə bir ailədə anadan olmuşdur, onun atası heykəltaraş, anası isə mamaça idi. Onun necə təhsil alması məlum deyil, lakin o, erkən yunan filosoflarının təlimləri ilə tanış idi. Sokratın bazarda adi qeybətçi olması barədə fikirlər tamamilə əsassızdır. O, əsasən, sofistlərin doktrinaları ilə mübarizə apararaq öz hesabına filosof ola bilmişdi. O, e.ə. 399-cu ildə “gəncləri pozmaq və yeni tanrılar yaratmaq” ittihami ilə ölüm cəzasına məhkum edildi. Bu ədalətsiz cəzanın əsl səbəbi Afinanın Peloponnes müharibəsindəki faciəvi məğlubiyyəti idi. Qəzəbli Afina vətəndaşları xain Alkiviad da daxil olmaqla aristokratlarla əlaqəsinə və xalqın inancını tənqid etdiyinə görə Sokrata qarşı çıxdılar. Bundan əlavə, onun demokratiyanı pisləməsi və intellektual aristokratiya istisna olmaqla digər dövlət formalarının lazımsız olduğunu iddia etməsi barədə sübutlar da var.
Sokrat özü heç nə yazmadığına görə tarixçilər onun təlimlərinin dəqiq əhatə dairəsini müəyyən etməkdə çətinlik çəkirlər. O, mücərrəd fəlsəfə ilə maraqlanmayan əxlaq qaydalarının ustadı hesab edilir. Lakin Platona məxsus məlum yazılar İdeyaların mücərrəd doktrinasındakı fikirlərin Sokrat mənşəli olması ehtimalını ortaya qoyur. İstənilən halda Sokratın sabit və həqiqi biliyə inanması faktı dəqiqdir; insan doğru üsullara əməl edərsə, həqiqi və sabit bilik əldə edə bilər.
Ellinizm mərhələsi
[redaktə | mənbəni redaktə et]E.ə. III–II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən dəyişikliklər baş vermişdir. Roma cəmiyyətində yunan mədəniyyəti və fəlsəfəsinə meyillər güclənmişdir. Həmin dövrdə Romada çoxlu yunan alimi, filosofu fəaliyyət göstərmiş, öz spesifikliyi ilə stoisizm və epikürçülük inkişaf etməyə başlamışdı. Tit Lukretsi Karın materializmi inkişaf edirdi.
Bununla yanaşı, Romanın işğal etdiyi qədim dövlətlər və xalqların istismarı nəticəsində burada insanların parazitləşməsi elementləri yaranırdı. Cəmiyyətdə olan bu böhran, demək olar ki, bütün təbəqələri əhatə edirdi və bu da, öz növbəsində, şəxsi mövcudluğun katastrofuna gətirib çıxarırdı. Nəticədə dinə və mistikaya meyl güclənirdi. Zamanın tələblərinə cavab verən fəlsəfə dinə çevrilmiş, xristianlıq həmin prosesdə körpü rolunu oynamışdı.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealın və reallığın münasibətlərinə dair. Bakı, Təknur, 2008.
- Western Civilizations, Robert E. Lerner, Standish Meacham, Edward McNall Burns.