Altay dağları

Altay
Алтайн нуруу
ᠠᠯᠲᠠᠢ ᠶᠢᠨ ᠨᠢᠷᠤᠭᠤ
ئالتاي تاغ تىزمىسى‎
Алтай
ᠠᠯᠲᠠᠢ
Алтай
Алтай таулары
Altay dağları. Beluxa dağı
Altay dağları. Beluxa dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 4509 m
Uzunluğu 1847 km
Eni 1282 km
Sahəsi 741 569 km²
Hündür nöqtəsi Beluxa
Yaranma dövrü Paleozoy erası
Süxurları metamorfikçöküntülü
Yerləşməsi
49° şm. e. 89° ş. u.HGYO
Ölkələr
Altay xəritədə
Altay
Altay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Altay (monq. Altayın nuruu, alt. Tuulu Altay— dağlıq yer, qırğ. Altay tooloru, qaz. Altay tauları, çin. 阿尔泰山脉-Ā'ěrtài shānmài-Aertay şanmay) – Asiyada dağ sistemi. Rusiya Federasiyasında (Altay Respublikası, Tıva Respublikası, Altay diyarı), Monqolustan, QazaxıstanÇin ərazilərindədir. Altay Ob, İrtış, Yenisey ilə Mərkəzi Asiya çaylarının suayırıcısını təşkil edən mürəkkəb dağ silsilələrindən ibarətdir. 42–52° şm. e.dairəsi arasında şm.-q.-dən (Qərbi Sibir düzənliyindən, 81° ş.u.) c.-ş.-ə (Qobi düzənliyinədək, 106° ş.u.) 2000 km-dən artıq məsafədə uzanır. Yüksək dağlıq (ən hündür zirvəsi Beluxa dağı, 4506 m), orta dağlıq və alçaq dağlıq silsilələrindən və bunları ayıran dağarası çökəkliklərdən ibarətdir. Şimalda və şimal-qərbdə Qərbi Sibir düzənliyi, şimal.-şərqdə Qərbi Sayan və Cənubi Tıva dağları, şərqdə Böyük Göllər Vadisi, cənub.-şərqdə Qobi səhrası, cənubda Cunqariya düzənliyi, qərbdə İrtış çayı ilə sərhədlənir. Oroqrafik cəhətdən 3 hissəyə bölünür: Qobi Altayı, Monqol Altayı və Altayın özü, yaxud Rus Altayı.

Rus Altayı 48–52° şm. e.dairəsi və 82–90° ş. u. arasında, Altay diyarı, Altay RespublikasıQazaxıstan Respublikasının Şərqi Qazaxıstan vilayəti ərazilərindədir. Altayın Alp tipli yüksək dağlıq relyefə malik hissəsini əhatə edir. Yüksək dağ silsilələri və massivləri: Katun silsiləsi (4506 m-ədək), Saylügem silsiləsi (3499 m-ədək), Şimali Çuya silsiləsi (4177 m-ədək), Cənubi Çuya silsiləsi (3936 m-ədək), Cənubi Altay silsiləsi (3483 m-ədək), Çixaçov silsiləsi (4029 m-ədək), Saqan-Şibetu silsiləsi (3496 m-ədək), Şapşal silsiləsi (3608 m-ədək) və Monqun-Tayqa massivi (3970 m) Altayın, əsasən, şərqində və cənub şərqindədir. Bu ərazilər üçün şiş zirvəli yallar, dik (20–50° və daha çox) yamaclar, morenlər və buzlaqlarla dolmuş geniş dibli çay dərələri səciyyəvidir. Buzlaq relyefi formaları – karlar, sirklər, troqlar, karlinqlər, moren bəndləri və tirələri yayılmışdır. Orta dağlıq və alçaq dağlıq silsilələri Terektı (2926 m-ədək), Ay qulak (2752 m-ədək), İolqo (2618 m-ədək), Listvyaqa (2577 m-ədək), Narım (2533 m-ədək) və Başşelak (2433 m- ədək), əsasən, Altayın qərbində və şimalındadır.[1]

Orta dağlıqda Alp relyef formaları az nəzərə çarpır, yastı və platovarı zirvə yə malik çayarası yüksəkliklər isə üstünlük təşkil edir. Kriogen proseslər geniş inkişaf etmişdir. Karst relyef formalarına rast gəlinir. Çay dərələri dar və dik yamaclardan, 500–1000 m dərinlikli kanyonlardan ibarətdir. Altayın alçaq dağlıq əraziləri üçün relyefin nisbətən az parçalanması (500 m-ədək) və maili yamaclar səciyyəvidir. Çay dərələri enli, yastı dibli və terraslıdır. Çökəkliklərin dibi prolüvial mənşəli maili düzənliklərdən ibarətdir. Şərqdə bu çökəkliklər termo karst relyef formaları ilə mürəkkəbləşir.[2]

Geoloji quruluşu və faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]

Altay Ural–Oxot mütəhərrik qurşağının Paleozoy yaşlı Altay-Sayan qırışıqlıq sahəsində yerləşir. Kembriyəqədərki və Paleozoyn metamorfik və çökmə süxurlarından təşkil olunmuş mürəkkəb quruluşlu qırışıqlıq sistemindən ibarətdir. Geoloji quruluşuna və yaşına görə Kaledon Dağlıq Altayına (şimal.-qərbdə, ərazinin 4/5 hissəsi) və Hersin Filizli Altayına (cənub-qərbdə və qərbdə) bölünür. Dağlıq Altayın antiklinoriumları (Xolzun–Çuya, Talis və s.), əsasən, Üst Kembri–Alt Ordovikin terrigen flişoidlərindən təşkil olunmuşdur. Filizli Altayda Orta Devon – Alt Karbonun vulkan-plutonik çöküntüləri və Üst Paleozoyun qranitoidləri geniş yayılmışdır. Altayın müasir relyefi NeogendəAntropogenin əvvəllərində baş vermiş tektonik qalxmaların, buzlaqlarıneroziya proseslərinin fəaliyyəti nəticəsində formalaşmışdır. Altay dünyanın seysmik cəhətdən ən aktiv kontinentdaxili regionlarından biridir. 9–10 ballıq dağıdıcı zəlzələ 27.9.2003-ci ildə Koş-Aqaç yüksək dağlıq rayonunda baş vermişdir. Filizli Altayda nəcib metallarqurğuşun-sink-mis-barit filizi yataqları, Dağlıq Altayda civə, qızıl, dəmir, volfram-molibden filizi yataqları, həmçinin isti mineral su bulaqları var.[3]

Altayın iqlimi dağətəyi ərazilərdə kontinental, daxili və şimal hissələrdə kəskin kontinentaldır. Qışı sərt və uzunmüddətlidir – dağətəyi ərazilərdə 5 ay, yüksək dağlıq ərazilərdə 10 ayadək davam edir. Yanvarın orta temperaturu –15-dən –32 °C-yədəkdir. Ən aşağı temperatur (–60 °C) Çuya çölündə qeydə alınmışdır. Yayı nisbətən qısa (4 ayadək), lakin ilıqdır. İyulun orta temperaturu 22 °C-dən (dağ ətəyi qurşaqda) 6 °C-yədəkdir (yüksək dağlıqda); çökəkliklərdə və cənub ön dağlıqda bəzən 35–40 °C-yədək və daha çox olur. Altay Atlantika okeanından gələn qərb küləklərinin kondensatoru rolunu oynayır. İllik yağıntının miqdarı Kuray və Çuya çöllərində 100 mm-ədək (Rusiyanın ən quraq yerlərindən biri), Katun və Cənubi Çuya silsilələrinin yüksək dağlıq yerlərində 2000 mm-ədək və daha çoxdur. Alçaq dağlıq və orta dağlıq ərazilərdə illik yağıntının miqdarı 700–900 mm təşkil edir. Qar örtüyünün qalınlığı şimal. və qərb rayonlarında və yüksək dağlıq ərazilərdə 60–90 sm və daha çox olur. Az qarlı illərdə bu örtük mövsümi xarakter daşıyır. Altay dağlarında ümumi sahə təqribən. 910 km² olan 1500-dən çox buzlaq var. Buzlaqlar, əsasən, Katun, Cənubi və Şimali Çuya silsilələrindədir. Ən iriləri (ümumi uzunluğu 7–12 km olan) Taldurin, Aktru (Akturu) və Maaşeydir (Maşey).[4]

Altay sıx çay şəbəkəsinə malikdir. Çayların qidalanma rejimi Altay tiplidir; yağış, qar və buzlaq suları ilə qidalanır. Yazda daşqınlar olur. Ən iri və çoxsulu çayları Katun, Biya (Obun qolları), Buxtarma (İrtışın qolu) və Abakandır (Yeniseyin qolu). Altayın suvarma və hidroenerji ehtiyatının əsasını Ob sistemi təşkil edir. Altayda 7000-dən çox göl var. Bunların

ümumi sahəsi 1000 km²-dən artıqdır. Ən iri gölləri: Markakol, Teles. Şimalda karst göllərinə rast gəlinir.[5]

Landşaftı tipləri

[redaktə | mənbəni redaktə et]

Relyef və iqlim xüsusiyyəti ilə əlaqədar olaraq Altayda landşaftların yüksəklik qurşaqları aydın nəzərə çarpır. Şimalda dağətəyi yamacların şabalıdı və qara torpaqlarında 500–700m, cənubda isə 1000–1500 m yüksəkliklərə qədər çöl bitkiləri yayılmışdır. Altayın mərkəzində, Çuya çölü istisna olmaqla, qonur və açıq şabalıdı çınqıllı-daşlı torpaqlarda yarımsəhra bitkiləri bitir. Altayda ərazisinin 70%-i meşələrlə örtülüdür (1700–2450 m yüksəklikdə). Altayın rütubətli rayonlarındakı açıq boz podzol torpaqlarda küknar və sidr-küknar meşələri geniş sahə tutur. Bu meşələr quru iqlimli rayonlarda zəif podzollaşmış, tünd rəngli çimli torpağı olan qaraşam meşələri ilə əvəz olunur. Yüksək dağlıq qurşaqlarda subalp kolluqları, subalpAlp çəmənlikləri (çəmən podzol və qara torpağa oxşayan çəmən torpaqlarında), dağlıq tundra bitkiləri (kolluqlu, mamırlı, şibyəli və daşlı-çınqıllı tundralar) geniş sahə tutur. Çöl qurşağında sünbülqıran, siçancıq, çölsiçanı, qartal, meşələrində ayı, vaşaq, samur, mişovul, Sibir siçovulu, maral, meşəxoruzu, qarabağır, sidr quşu, alacadimdik və s., yüksək dağlıq qurşaqda dağkeçisi, qar qaplanı, şimal maralı və s. yaşayır. Altayın landşaftında bataqlıqlar xüsusi yer tutur. Dağə təyi sahələrdə və dağarası çökəklik lərdə əkinçilik və maldarlıqla məşğul olunur. Filizli Altayda mədən sənayesi inkişaf etmişdir

Xüsusi mühafizə olunan təbii ərazilər.

[redaktə | mənbəni redaktə et]

Altayn Qızıl dağları adlanan 5 obyekti (Altay qoruğu, Teles gölü ətrafında mühafizə zolağı, Katun qoruğu, Beluxa təbii parkı və Ukok sükunət zonası) 1998-ci il -dən Ümumdünya irsi siyahısına daxil edilmişdir. Markakol qoruğunda da təbii landşaftlar və ayrı-ayrı təbiət abidələri qorunur. Bir sıra yasaqlıqlar yaradıl mışdır.

  • Altay dağları // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 389–390. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Altay Respublikası - rəsmi portal[ölü keçid]
  2. "АЛТАЙ • Большая Российская Энциклопедия - электронная версия". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
  3. БУСЛОВ МИХАИЛ МИХАЙЛОВИЧ. Террейновая тектоника Центрально-Азиатского складчатого пояса Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine Геодинамика и тектонофизика. — 2014-01-01. — Т. 5, вып. 3
  4. Борисов А.А. Климаты СССР. — Москва: Учпедгиз, 1948. — 224 с.
  5. "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.