Mövləvilik
Mövləvilik (osmanlıca: مولويه, türkcə, farsca, ərəbcə mövləvi deyilir) — Avropada "rəqs edən dərvişlər" cəmiyyəti adlandırılan sufi cəmiyyətidir. Onun adı mövlana, yəni bizim ağamız sözündən götürülmüşdür.
Yaranması
[redaktə | vikimətni redaktə et]Təriqət Mövlanə Cəlaləddin Ruminin (1207–1273) adı ilə bağlıdır. Rumi Bəlxdə dünyaya gəlmişdir. 1213-cü ildə atası və ilk müəllimi Bəhaəddin Vələd ailəsi ilə birlikdə Hicaza, daha sonra Səlcuqluların hakimiyyəti altında olan Konyaya köçmüşdür. 1244-cü ildə onun ölümündən sonra təhsilini atasının davamçısı Bürhanəddin Tirmizidən almış, mədrəsədə dərs deməyə başlamışdır. Həmin dövrdə Cəlaləddin kübravilər təriqətinin "ayıqlıq" adlandırdığı mənəvi yola üstünlük vermiş, lakin 1244-cü ildə dərviş Şəms Təbrizi ilə görüşdükdən sonra sufiliyin "eşq" yolunun tərəfdarı olmuş və ilhamını fars poeziyasının bədii obrazlarından almışdır.
Mövlanə öz təriqətini sonralar formalaşdırmışdır. Vəfatından sonra isə bu təriqət onun adını daşımış və ardıcılları tərəfindən inkişaf etdirilmişdir. Mövləvilər təriqətinin xüsusi mənəvi yolu vardır. Bu onu digər təriqətlərdən əsaslı şəkildə fərqləndirir. Bundan başqa, onlar Mövlanənin "Məsnəvi" adlı poetik kitabına böyük əhəmiyyət verirmişlər. Mövlanənın başqa əsərləri də olmuş və onlar türk ədəbiyyatı inciləri hesab olunmuşlar. Cəmiyyətin Avropadakı adı mövlana sufilərinin xüsusi zikr mərasimi ilə bağlıdır. Həmin mərasim zamanı sufilər musiqi alətlərinin təranələri altında bədənlərini müxtəlif şəkildə hərəkət etdirir, o cümlədən sağ ayaqlarını yerə dayayaraq hərlənirlər. Cəmiyyətin mərkəzi Konya şəhərində, mövləvilərin fəaliyyəti isə əsasən Kiçik Asiya hüdudlarında idi. Mövləvi sufilərinin Türkiyədə öz mövləviyyəxanaları (məktəb-yataqxanaları) və təkkələri (ribatın türk variantıdır) vardır. 1925-ci ildə Türkiyə hökumətinin dekreti ilə bütün təkkələr bağlanmış, Konya şəhərindəki mövliyyəxana isə şəhər muzeyinə çevrilmişdir. Son illərdə cəmiyyət öz fəaliyyətini bərpa etmişdir.
Yayılması
[redaktə | vikimətni redaktə et]Mövləvilik təriqəti Osmanlı İmperiyasının zadəgan dairələri tərəfindən bəyənilərək dəstəklənmiş, beləliklə, elitar təriqətə çevrilmişdir. Buna görə də mövləvilik Anadoluda, Suriyada, Misirdə, Balkanlarda və Krımda geniş yayılmışdır.
Üsulları
[redaktə | vikimətni redaktə et]Təriqətin başçıları varislik yoluyla təyin olunur və varislik zənciri Mövlanəyədək yüksəlir. Onlar öz şeyxlərini "çələbi" adlandırırlar. Təriqətin mərkəzi dərgahı (asitanı) Türkiyənin Konya şəhərində yerləşir. Mövləvilərin dərgahları başqa sufi təriqətlərinin dərgahlarından daha böyükdür. Bu, mövləvilərin mənəvi ayinlərinin özəlliyi ilə izah olunur. Onları yerinə yetirmək üçün böyük ərazi lazımdır. Mövləvi təriqətinin xüsusi zikrləri vardır. Onlar öz yığıncaqlarında (səmalarda) musiqi sədaları altında rəqsə bənzəyən hərəkətlər edirlər. Hərəkət zamanı mövləvilər (səmazənlər) bir yerdə dayanaraq uzun müddət fırlanırlar. Buna görə də Avropada onları "fırlanan dərvişlər" adlandırırlar. Onların toplantılarında əsasən ney musiqi alətindən istifadə edilir.
Mövləvilər 1001 gün davam edən xəlvətə və tərkidünyalığa (çiləyə) böyük əhəmiyyət verirlər. Xəlvətə çəkilənə "çiləkeş" deyirlər. Çiləni bitirmiş dərvişə "dədə" adı verilir.
Bu təriqət tarixi dövr ərzində müxtəlif təriqətlərə parçalansa da, hazırda yalnız Türkiyədə fəaliyyət göstərir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.89.
- Aydın Əlizadə. "Cəmiyyət və din" qəzeti.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |