Soltan Abbas
Soltan Abbas | |
---|---|
Soltan İsrafil oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Ballıcalı, Salyan rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | şair |
Mükafatları | “Məmməd Araz” ali ədəbi mükafatı, “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanı və s. |
Soltan Abbas (tam adı:Soltan İsrafil oğlu Abbasov; d.7 yanvar 1933, Neftçala, Ballıcalı k.) — şair, publisist, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1988).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1933-cü ildə yanvarın 7-də Azərbaycanın Neftçala rayonunun Ballıcalı kəndində anadan olub. Burada 1952-ci ildə ibtidai məktəbi, Boyat kəndində yeddiilliyi, Xıllı rayonunun Xıllı kəndində isə orta məktəbi bitirmişdir. 1951–53-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlamışdır. 1953–55-ci illərdə Boyat kənd sovetinin katibi və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləmişdir. 1955–57-ci illərdə Bakı pedaqoji məktəbində təhsil almışdır. 1957–60-cı illərdə Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960–73-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik etmişdir. 1973–74-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirdikdən sonra Boyat kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir. 1991–2006-cı illərdə həmin kənddə inzibati ərazi nümayəndəsi olmuşdur. Hazırda Neftçalanın Ballıcallı kəndində yaşayır. Təqaüdçüdür.[2]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Bədii yaradıcılığa 1960-cı illərdən başlayan şairin ilk şeiri — bir bəndlik bayatısı 1967-ci ildə "Təşviqatçı" jurnalında çap edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisistik yazılar da yazmış publisist "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar — ömür yolum", "Səyyah etdi söz məni", "Həqiqətin ağzı daş saxlamaz", "Rübailər", "Qəzəllər", "Ömrün şəhidlik zirvəsi", "Torpağın sahibi", "Səyyah etdi söz məni", "Ömür töhfəsi", "Torpağın oğlu" və digər şeir kitablarının da müəllifidir. 1971–75-ci illərdə Salyanda "Kürün töhfəsi" ədəbi birliyə başçılıq etmişdir. Hazırda Neftçala rayonundakı ədəbi qüvvələri birləşdirən "Xəzər nəğmələri" ədəbi birliyinin rəhbəridir. 1960-cı ildə Azərbaycan komsomolunun XXII qurultayına nümayəndə seçilmişdir. "Sabir poeziya günləri" (1979), "Qızıl əllər" (1980), "Azərbaycan" (1991), "Vətən nəğməsi" (1989), almanaxlarında şeirləri çap olunmuşdur.[3]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Damcı" (1979);
- "Mənə çox öyrəşmə" (1980);
- "Tut ağacı" (1984);
- "Yollar — ömür yolum" (1989);
- "Həqiqətin ağzı daş saxlamaz" (1997);
- "Rübailər" (2000);
- "Qəzəllər" (2001);
- "Ömrün şəhidlik zirvəsi" (2003);
- "Dörd kitab" (2004);
- "Torpağın sahibi" (2005);
- "Nakam ömrün yaşıl anları" (2006);
- "Səyyah etdi söz məni" (I cild, 2006);
- "Ömür töhfəsi" (II cild 2008);
- "Torpağın sahibi" (2008);
- "Ömrü yaşadan sözlər" (III cild 2009).
Mükafatları
[redaktə | mənbəni redaktə et]1980-ci ildə "Azərbaycan SSR Xalq Maarifi əlaçısı" nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə "Məmməd Araz" ali ədəbi mükafatına layiq görülmüşdür.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Soltan ABBAS.Həyatı və Yaradıcılığı". 2019-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
- ↑ "Soltan Abbas". 2019-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
- ↑ "Şeirlər - Soltan Abbas". 2 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.