Rusiya–Qacar müharibəsi (1826–1828)
II Rusiya-İran müharibəsinin xronologiyası |
---|
Şamxor döyüşü (1826) |
Rusiya-İran müharibəsi (1826–1828) — Rusiya ilə İran arasında 1826-cı ilin 16 iyul tarixində Azərbaycanın bölüşdürülməsi uğrunda başlayan bu irimiqyaslı müharibə 1828-ci ilin 10 fevral tarixində Türkmənçay sülhünün imzalanması ilə yekunlaşmışdır.[1][2]
Müharibənin başlanması
[redaktə | mənbəni redaktə et]Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazın əldən çıxması böyük itki idi. İran Rusiya ilə müharibəyə hazırlaşırdı. Bu müharibədə öz maraqları olan İngiltərə İrana bacardığı hər bir yardımı edirdi. Bununla bağlı 1814-cü ildə İngiltərə ilə İran arasında müqavilə imzalanır, Təbrizdə və başqa şəhərlərdə silah zavodları tikilir, müharibə olacağı təqdirdə Böyük Britaniya İrana ildə 200 min tümən yardım göndəcəyini vəd edir. Rəsmi Qacar hökuməti isə bunun əvəzində heç bir ölkəni İran ərazisindən Hindistana buraxmayacağına dair öhdəlik götürür. İngilis diplomatları 1821-ci ildə İran ilə Osmanlı imperiyası arasında başlayan müharibənin dayandırılmasına nail oldular. İngilislər İranı Rusiyaya qarşı müharibəyə hazırladılar.
Qacar hökuməti ruslara qarşı Osmanlı İmperiyası ilə də danışığa başladı. Bundan başqa, Şimali Azərbaycan xanlarından da (Onlar Rusiyanın işğalı nəticəsində öz xanlıqlarını itirib İrana qaçmışdılar) istifadə etdi. 1825-ci ildə Rusiyada baş vermiş Dekabristlər üsyanı İran hökumətini müharibəyə daha da şirnikləndirdi. General Ermolov İran ilə müharibənin yaxınlaşdığını öyrənən kimi, bu barədə Rusiya çarına məlumat verdi. Rusiya çarı Osmanlı imperiyası ilə münasibətlərin gərginləşməsi fonunda Talış xanlığının yarısını İrana güzəştə getməklə sülhə nail olmaq istəyirdi. Lakin Rusiya ilə Gülüstan müqaviləsinin şərtlərinin dəyişdirilməsinə dair başlanmış danışıq səmərə vermədi.
1826-cı ilin iyul ayında İran qoşunları sərhədi keçdi. İkinci Rusiya-İran müharibəsi başladı. Bu zaman knyaz Menşikovun başçılığı ilə yeni Rusiya elçiliyi Tehrana yaxınlaşmaqda idi. O, yeni çarı (I Nikolay) tanıtdırmaq üçün göndərilmiş, Fətəli şaha büllür taxt gətirmişdi. Rus elçisi İran qoşunlarının artıq Şuşa və Gəncə qapıları ağzında olduğunu bilmirdi. Tehranda göz dustağı edib ona aydın bir cavab vermirdilər.[3] İranın əsas məqsədioürcüstanın paytaxtı olan Tiflis şəhərini tutaraq rdusunu Cənubi Qafqazdan çıxarıb Terekin o tərəfinə qovmaq idi.
Rus qoşunlarının başlıca zərbəsi isə Təbrizə yönəlmişdi. Qoşunların sayına görə üstünlük İranın tərəfində idi. Şahın nizami piyada ordusu 25 sərbaz ("başlarından keçənlər" anlamına gəlir) və 10 canbaz ("canlarından keçənlər") batalyonundan ibarət idi. Hamısı birlikdə 38,5 min nəfər edirdi. Ancaq yalnız Abbas Mirzənin türk piyada qoşunu[3] və top birliyinin 43 topa xidmət edən əsgərləri birbaşa onun tabeliyində idi. İran piyada qoşunu və sərbaz batalyonlarının xeyli hissəsi isə şahın ixtiyarında qalırdı. İran ordusunda nizami atlı qoşun saxlanmır, onun yerinə (müharibə zamanı) Cənubi Azərbaycandan 6 minə yaxın və tərəkəmə tayfalardan 15 minə yaxın nizami olmayan atlı qoşun toplanırdı. Bu sonuncu "atlı qoşun" Rusiya ordusundakı nə nizami atlı alaylar (kavaieriya), nə də uşaqlıq illərindən yaxşı əsgəri hazırlıq keçən kazak atlı bölmələr ilə yanaşı qoyula bilərdi. Abbas Mirzənin 60 minlik ordusu barədə yazılar öz uğurlarını şişirtməyə çalışan rus hərbi qulluqçularının adı ilə bağlıdır.
Rusiya Xüsusi Qafqaz korpusunun qüvvəsi sayca böyük deyildi. Ancaq bu, on illərcə Avropada Avstriya, Osmanlı və xüsusilə Fransa qoşunları ilə saysız müharibələrin döyüş ənənələrinə arxalanan müasir bir ordu idi. Cənubi Qafqazda sayı on minə yaxın olan 33 rus piyada batalyonu və 1 nizami atlı alayı, 9 Don kazak alayı, Bakı və Lənkərandakı 3 batalyon, Gəncə, Şəki və Şirvandakı 2 batalyon silah altında idi. Bundan başqa, Şuşada 2 batalyon, Pəmbək və Şurakeldə (İrəvan sərhədi) 3 batalyon qarnizon qulluğunda idi. Minlərlə yerli atlı döyüşçülərin də səfərbər edilərək müharibəyə qatılması nəzərdən qaçmamalıdır.
Müharibənin başlanğıcı Rusiya üçün uğursuz oldu. Abbas Mirzə qoşunların başında Qaradağ-Gülənbər yaylaq yolu ilə Qarabağa getdi, ikinci qoşunu da (çoxu qeyri-nizami atlılar idi) Əmir xan və Mehdiqulu xanla birlikdə Naxçıvan-Sisian dağ yolu ilə arxadan Qarabağa göndərdi. İbrahim xan Qacar və şirvanlı Mustafa xanı Şirvana, Mir Həsən xanı başqa bir qoşunla Talışa, qardaşı San Aslanı (Həsən xan) İrəvan sərdarı Hüseyn xan və İrakli oğlu Aleksandr Mirzə ilə birlikdə Tiflis üzərinə yolladı. Uğurlu xan Ziyadoğlu Gəncəyə, Hüseyn xan (Səlim xanın oğlu) qardaşı Hacı xanla Şəkiyə — öz dədə yurdlarına girdilər.[4]
İrəlidə gedən İran qoşunu Xudafərin körpüsünü sürətlə keçərək rus sərhəd alayını əzdi. Ruslardan 300-ə kimi əsgər öldürüldü, bir qismi əsir düşdü. Sonuncuların içində polkovnik Nazımov və mayor Kovatenski var idi. İran qoşunları sərhəd boyu döyüşlərdə rusları geri oturtdular. Abbas Mirzənin ordusu Şuşa qalasını 16 iyul tarixində mühasirəyə aldı. Mühasirə 48 gün sürdü. Şuşa qarnizonunun rəisi polkovnik Reut yaxşı hazırlıq görmüşdü. Qalanın ələ keçirilməsi uğrunda hücumlar istənilən nəticəni vermədi.
Şuşanın uzun çəkən mühasirəsi müharibənin bütün gedişinə təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağınıq rus qoşunlarını əzmək yerinə böyük qüvvə ilə Şuşa altında əylənib qaldı. Bu, rus komandanlığına dağınıq qoşunlarını birləşdirmək, strateji təşəbbüsü ələ keçirib əks-hücuma keçmək üçün imkan yaratdı.
Müharibənin gedişatı
[redaktə | mənbəni redaktə et]Şimali Azərbaycanda üsyanlar
[redaktə | mənbəni redaktə et]İkinci Rusiya-İran müharibəsinin gedişatında yerli bəylərin və başqa zümrələrdən olan əhalinin Rusiyaya qarşı olacağı barədə Ermolovun fikri düz çıxdı. Xalqın əksəriyyəti keçmiş xanlarının çağırışına qoşularaq üsyana qalxdı. Sankt-Peterburqa bu barədə raport göndərən General Ermolov yazırdı:
Köhnə qaçqın xanlar qara camaatı, xüsusilə də inamı yüngül olanları üsyana qaldırdılar. |
O, Azərbaycanda "ümummüsəlman üsyanı" baş verdiyini yazırdı. Təbii ki, Rusiya baş komandanı bu kütləvi üsyanı ortaya gətirən səbəbləri ört-basdır etməyə çalışırdı; başında durduğu əsgəri idarəçiliyin qanunsuz və zorakı davranışını, istismarın və milli zülmün ölçüyəgəlməz şəkildə yayıldığını pərdələmək istəyirdi. Guya bəzi ruhani çağırışları olmasaydı, üsyan da olmaya bilərdi:
“Bizə qarşı ümummüsəlman üsyanı başqa yol ilə deyil, din vasitəsilə ortaya gətirilmişdir, bu üsyanı qızışdıran Abbas Mirzənin yanındakı bir müqəddəs kişidir (Seyid Kərbəla Məhəmməd adlı biri nəzərdə tutulur). |
Rus tarixçisi M.N.Pokrovskinin fikrincə ölçüyəgəlməz ağalıq xalqın üsyana qalxmasına səbəb olmuşdu. İyulun 27-də rus batalyonlarının şəhəri tərk edəcəyini öyrənən gəncəlilər səhər saatlarında qılınclara və xəncərlərə qurşanaraq Narın qalası üzərinə yürüdülər. Başqa rus tarixçisi N. Dubrovin bütün gəncəlilərin (tatarı… voorujilis poqolovno) bu yürüşə qoşulduğunu yazır. Onlar ilk öncə qala həbsxanasını alıb siyasi dustaqları azadlığa buraxdılar. İyulun 28-nə keçən gecə bir çox rus döyüşçülərini qırıb Gəncəni təmizlədilər. Uğurlu xan asanlıqla azad edilmiş şəhərə girib Narın qalada oturdu.
İkinci kütləvi üsyan Talış xanlığında baş verdi. Talış hakimi Mirhəsən xan atası Mirmustafa xan kimi Rusiya təbəəliyinə keçmişdi. Ancaq çar hərbçilərinin özbaşınalığı və onunla bir nökər kimi davranması xanın dözümünə son qoydu. Bu zaman Talış xanlığında Mirhəsən xan deyil, əslində, mayor İlyinski ağalıq edirdi. Xəzər dəniz batalyonunun(660 nəfər) və 50 kazak atlısının komandiri olan bu mayor xanı sıxışdırıb İrana qaçmağa məcbur etdi. Həmçinin xalq da İlyinskinin təhqir və söyüşlərindən, qanunsuz vergi yığımlarından cana doymuşdu. İlyinski Talışa Gürcüstanın Telavi bölgəsindən göndərilmişdi. Əslində yerli camaatı soyub incitdiyi üçün oradan qovulmuşdu. Yeni qulluq yerində də öz davranışını dəyişməyən mayor Talış xanlığının ərazisində törətdiyi cinayətlərə görə hərbi məhkəməyə verilmiş, amma onun haqqında heç bir ölçü götürülməmişdi.
Mirhəsən xan üsyana qalxmış yerli döyüşçülər və bir neçə min İran sərbazı ilə 1826-cı il 25 iyul tarixində Lənkəranda yerləşən rus qarnizonu ilə döyüşə girdi. Altı gün və altı gecə sürən döyüşdən sonra mayor İlyinski "qalanı deyil, onun xarabasını" üsyançılara buraxıb Sara adasına çəkildi. Talış xanlığında da Rusiya hərbi idarəçiliyi devrildi.
İyulun 26-da Cavad keçidi yanında ruslar daha bir döyüşü uduzdular. İrana qaçmış Bakı hakimi Hüseynqulu xan bu döyüşdən sonra üç minlik İran atlısı ilə Bakı üzərinə yollandı. Çoxsaylı avarlı İran donanması da dənizdən onun köməyinə gəldi. Ancaq xanın bakılıları üsyana qaldırmaq istəyi baş tutmadı.
Yenə iyulun 26-da Ağsu (Yeni Şamaxı) şəhərini azad etmiş Mustafa xan Şirvanda uğurla irəliləməkdə idi. Mustafa xan avqust ayında Şamaxı və Şirvandan rus qoşunlarını vurub çıxara bildi. Rus əsgərləri Qubaya çəkildilər, ancaq artıq burada da yerli bəylər xalqı üsyana qaldırmışdılar. Üsyan dalğası rus əsgəri birləşmələrini Şəkidən də qovdu.
Şimali Azərbaycanı bürüyən kütləvi xalq çıxışları İkinci Rusiya-İran müharibəsinin başlanğıcında tutarlı amillərdən biri idi. Abbas Mirzə bu çıxışlar ilə uzlaşan sinxron bir müharibə apara bilmədi.
Şəmkir döyüşü
[redaktə | mənbəni redaktə et]Rusiya komandanlığı artıq avqust ayında özünə gəlməyə başladı. Dağınıq ordu birləşmələri Gəncə-Tiflis xəttinə yığıldı. Rus qoşunları yeni alaylar hesabına gücləndirildi. Çar I Nikolay Cənubi Qafqaz komandanlığını İ.F. Paskeviçə tapşırdı. Baş komandan qalan Ermolov az sonra bu vəzifəni də ona verib istefaya getdi. Rus qoşunlarının hücuma keçməsi üçün şərait yarandı. Avqustun sonunda İran qoşunları gürcü şahzadəsi Aleksandrın başçılığı altında Şəmkir yaxınlığında idi. Abbas Mirzənin oğlu Məmməd Mirzə yeni qoşunla gəlib Şəmkiri tutdu, amma buradan irəli gedə bilmədi. Sentyabrın üçündə Şəmkir altındakı düzənlikdə Zəyəm dağı ətəyində İran və Rusiya qoşunları arasında döyüş oldu. Ruslar qalib gəldilər. İran qoşunu 1500 döyüşçü itirərək Gəncəyə çəkildi. Şuşa qalası altında ay yarımdan çox hərəkətsiz duran Abbas Mirzə səhvini anlayaraq başlıca ordu ilə tələsik Gəncə səmtinə yola düşdü, ancaq artıq gec idi. Azərbaycanın şimal əyalətlərində kütləvi xalq çıxışlarının yaratdığı əlverişli durum əldən verilmişdi.
Gəncə döyüşü
[redaktə | mənbəni redaktə et]Şəmkir altında uğurdan sonra rus qoşunları sentyabrın 4-də Gəncəni tutdular. Sentyabrın 9-da Qafqaz korpusunun başlıca qüvvələri onlarla birləşdi. Şuşa mühasirəsini buraxıb buraya gələn Abbas Mirzə yeni döyüşün qaçınılmaz olduğunu bilirdi. Sentybarın 10-da Paskeviç də qoşunla Gəncəyə gəldi. Döyüş sentyabrın 13-də Nizami Gəncəvi məqbərəsinin yaxınlığındakı çöldə oldu. Rus ordusunda 8700, İran ordusunda isə 35 min döyüşçü var idi. İki ordu arasında dəhşətli döyüş başladı. Ruslar yenə uğur qazandılar. 2 düşərgə, 4 bayraq, bir top və başqa hərbi qənimət ələ keçirdilər. İran ordusu 1000-ə kimi əsgər itirdi. 1100 əsgər, 2 batalyon komandiri və 7 zabit əsir düşdü. Uğurlu xan da əsir alınanlar içərisində idi. İran qoşunları dağınıq halda Araza doğru çəkilib o taya keçdi. Gəncə döyüşü ikinci Rusiya-iran müharibəsənin ən böyük döyüşü oldu. Cənubi Qafqazın da, bütün müharibənin də taleyi burada bitdi. Bu döyüşdən sonra İran ordusu bir daha özünə gələ bilmədi. Döyüşdən sonra rus komandanlığı üçün 1826-cı il üysanlarını yatırmaqdan ötəri əlverişli imkan yarandı. Bu, Yermolovun baş komandan vəzifəsində son fəal döyüşləri oldu. Rus komandanlığı müharibənin gedişində ara-sıra yerli qüvvələrdən də istifadə etməyə çalışırdı. 1826-cı ilin noyabrında Araz üzrə sərhədi qorumaq üçün "Qarabağ türklərindən" qeyri-nizami atlı dəstə yaradıldı.[3] 1827-ci il döyüşlərində Borçalı türklərinin könüllü atlı dəstələri də iştirak edirdi. İran qoşunları Talış xanlığı sayılmazsa, artıq bütün Şimali Azərbaycan torpaqlarını tərk etmişdilər.
Müharibənin Cənubi Azərbaycana keçirilməsi
[redaktə | mənbəni redaktə et]1827-ci ilin yanvar ayında ruslar Qaradağın mərkəzi Əhəri tutdu. Mirzə Yusif Nersesov öz əsərində bu hadisəni belə ifadə edir:
Qışın oğlan çağında general Madatov müharibə dövründə çəkilən əziyyəti əvəz etsin deyə Qarabağ və Şirvan qoşunlarını götürüb Meşkini və Əhəri çapmağa, qarət etməyə getdi. Meşkin vilayətini o ki var soyub qarət etdilər. |
Aprel ayında rus qoşunlarının Qarabağ birləşməsi Xudafərin körpüsünü ələ keçirmək uğrunda döyüşürdü. Bir bölüyü isə Ağzıböyük keçidi ilə İrəvana gedirdi.
Bu zaman Yermolovun bütünlüklə işdən götürülməsi general Madatovu da yerindən oynatdı. Qraf Paskeviç onu Xudafərin körpüsü üzərindən götürüb knyaz Abxazovla əvəz etdi. Bu dəyişmənin səbəbi Madatovun Meşkin yürüşünə heç də icazəsiz getməsi deyildi. Paskeviç özü də Qarabağ vilayətinə belə soyğunçuluğa getmişdi səbəb yerli əhalinin, xan və bəylərin Yermolov-Madatov "siyasətindən" kəskin narazılığı və üsyana qalxması idi. Bu dəyişmələrlə çar hökuməti öz ordusunun Cənubi Qafqaz işini yüngülləşdirmək istəyirdi.
1827-ci il aprelin 20-də Xudafərin körpüsü tutuldu. Başlıca qüvvələr Eçmiədzinə gələrək İrəvana doğru irəlilədi. İrəvanın iki aylıq mühasirəsi yenə uğursuz oldu. İyunun 26-da Naxçıvan qalası döyüşsüz tutuldu. Rus qoşunları strateji dəyəri olan Abbasabad qalasına yaxınlaşdı. Abbas Mirzə 16 minlik qoşunla qala qarnizonunun köməyinə gəldisə də, qalanı müdafiə etmək münkün olmadı. Avqust ayında Alagözün ətəklərində, Əşdərək və Uşaqan kəndləri yaxınlığındakı döyüşlərdə ruslar üstün gəldilər. Sonra Sərdarabad ruslar tərəfindən tutuldu. İrəvan qalasının mühasirəsi sentyabrın 26-da başlandı. Paskeviç yazırdı ki, İrəvan vilayətində 10000 müsəlman (Azərbaycan türkü) və yalnız 3000 erməni ailəsi yaşayırdı. Oktyabrın 1-də gün qaralana yaxın qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. I Nikolayın fərmanı ilə, onun qlinyanıy qorşok, yəni gildən (torpaqdan) hazırlanan küp adlandırdığı İrəvan qalasının adı qraf Paskeviçin tituluna əlavə edildi.
Paskeviçin Cənubi Azərbaycana girməyi qadağan etməsinə baxmayaraq rus birləşməsinin komandanı Eristov oktyabrın 2-də Mərəndi tutub Təbrizə doğru irəlilərdi.
Təbrizdə şah qarnizonunun rəisi Allahyar xan müdafiəyə hazırlaşdı. Ancaq Təbrizin ruhani başçısı Ağa Mir Fəttah rusların tərəfinə keçərək şəhərliləri ardınca apardı. Oktyabrın 13-də rus bölükləri Təbrizə girdi.
M.N.Pokrovski Cənubi Azərbaycan əhalisinin də rus qoşunlarına kəskin müqavimət göstərdiyini yazmışdır. Ancaq Qacarların soyğunçu siyasətindən Cənubi Azərbaycan cana doymuşdu. Buranın şiə ruhaniləri isə Qacar şahlarını "uzurpator" sayır, qanunsuz olaraq Səfəvi taxtına yiyələndiklərini söyləyirdilər. Rusiya baş komandanı Paskeviç Şimali Azərbaycanda Yermolovun yol verdiyi yanlış üsullardan qaçmağa çalışır, əhalini və yerli hakimləri qıcıqlandırmırdı. İran "qərbçilərinin" (Avropasayağı yenilikçiliyin) başçısı Abbas Mirzənin mərkəzləşdirmə siyasəti də Cənubi Azərbaycan xanlarını Rusiya asılılığına doğru sürükləmədə idi. Bütün bunlar Rusiya qoşunlarının irəliləməsini asanlaşdırırdı.
Təbriz tutulduqdan sonra Tehran üzərinə yol açıldı. Təbrizi (əslində Cənubi Azərbaycanı) idarə etmək üçün rus hərbçilərinin və şəhərlilərin nümayəndələrindən Müvəqqəti İdarə yaradıldı. Onun rəisi general Osten-Saken oldu. Təbriz qalasının komendantı da rus zabitlərindən qoyuldu. Müctəhid Mir Fəttah Müvəqqəti idarənin tərkibində idi.
Nəticə
[redaktə | mənbəni redaktə et]Müharibə Rusiya imperiyasının qəti qələbəsi ilə nəcitələndi. Müharibəni bitirmək üçün danışıqlara başlanıldı imzalandı.
Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici İşlər naziri qraf K.V. Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla sülh və ticarət müqaviləsinin layihəsi hazırlanmışdı. Gələcək müqavilənin şərtləri haqqında çar fərmanı 1827-ci II mayın 24-də Cəlaloğlu yanındakı rus düşərgəsinə gətirildi. Rus komandanlığı danışıq aparmaq üçün tam hazır idi. Qaraziədin danışıqlarında A. S. Qriboyedov İran məmurlarına psixoloji baxımdan təsir göstərmək üçün bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən başladı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə imzalandı.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi.
Birinci maddə ilə tərəflər arasında əbədi sülh elan olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödəyəcəyi bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi tanınmasına ayrıca yer verilir (VII maddə). Xəzərdənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). Onuncu maddə ticarət konsulluqları açılmasından, on birinci maddə qarşılıqlı olaraq müharibə ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu. On beşinci maddə ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə sülh haqqında yerlərə bilgi verilməsi, onun ratifikasiyası məsələlərinə toxunurdu.
Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi.
Türkmənçay müqaviləsi XIX yüzillikdə İranın İngiltərə, Fransa, Rusiya və Osmanlı ilə bağladığı müqavilələr içərisində ən ağırı idi. Bu müqavilə İranı Rusiyadan asılı vəziyyətə gətirirdi.
Müasir mədəniyyətdə yeri
[redaktə | mənbəni redaktə et]Müharibənin bitməsindən sonra imzalanan Türkmənçay sülh müqaviləsi XX və XXI əsr boyunca bir millətin ayrılığının simvolu halına gəlmişdir. Azərbaycan ədəbiyyatında xüsusi mövzuya çevrilən bir millətin ayrı düşməsinə onlarla əsər həsr edilmişdir. Bunlara Bəxtiyar Vahabzadənin Gülüstan poemasını, Süleyman Rüstəmin Təbrizim şerini, Sayman Aruzun Yüz il inqilab romanını, Yusif Vəzir Çəmənzəminlinin İki od arasında romanını, Xəlil Rza Ulutürkün əsərlərini misal göstərmək olar.
Bir millətin ayrılığını musiqi sahəsində də göstərmək üçün bəstəkar Əli Səlimi 1958-ci ildə Fərhad İbrahiminin Ayrılıq şerinə musiqi bəstələmişdir.
Şimali Azərbaycanda Cənubi Azərbaycan həsrətini simvollaşdırmaq üçün XX əsrin ortalarından etibarən kişi adı kimi Təbriz adı çox yayılmışdır. Xalq şairi və Azərbaycan azadlıq hərəkatının rəhbərlərindən biri olan Xəlil Rza Ulutürk də Qarabağ müharibəsində şəhid olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan oğluna Təbriz adı vermişdir.
Türkmənçay sülh müqaviləsinin imzalandığı gün hər il Şimali Azərbaycanda və Cənubi Azərbaycanda gizli və ya açıq şəkildə qeyd edilir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Süleyman Əliyarlı, Azərbaycan tarixi (Bakı:Azərbaycan nəşriyyatı, 1996)