Qaraçuxa

Qaraçuxa — insanların bəxt hamisidir. İnsanın maddi durumu, onun işlərinin yaxşı gedib-getməməsi Qaraçuxanın fəaliyyəti ilə əlaqələndirilir. İnanca görə, Qaraçuxası oyaq olan insanın işləri yaxşı gedir. İşləri yavər gedən insan haqqında “qaraçuxan oyaqdır” deyilməsi də həmin təsəvvürdən irəli gəlir. Qaraçuxanın oyaq olması üçün gərək onun adı çəkilə, o yad edilə. Ona görə Azərbaycanın bir çox bölgələrində Qaraçuxaya Yasin oxutdurulur, yemək bişirilərkən Qaraçuxanın adına yeməyin içinə duz atılır. Qaraçuxanın adına bişirilmiş xörəkdən qapıya gələn fağır-füqəraya və ya kasıb ailələrə pay verilir. Bundan əlavə, Qaraçuxanı adı çəkilərkən salavat çevirməmək günah sayılır.

Mətnlərdə Qaraçuxa daim evlə bağlı olur. Onun damın üstündə yatdığı, evə girən zaman Qaraçuxaya salam vermək lazım olduğu qeyd olunur. Qaraçuxanın evi tərk etməsi isə o ailənin bəxtinin bağlanması kimi yozulur.

Qaraçuxa adı Azərbaycanın Qarabağ, Salyan-Neftçala, Lənkəran-Masallı, Muğan bölgələrində işlənir, Şirvan, Şəki-Zaqatala bölgəsində bu personaj Naxış adı ilə tanınır. Funksional baxımdan bu personajlar bir-birinə bənzəyirlər, yalnız zahiri əlamətlərinə görə fərqlənirlər. Belə ki, Qaraçuxa bir qayda olaraq insanın özünə bənzəyən, çiynində qara çuxası olan bir varlıq kimi təsvir olunur. Personajın Qaraçuxa adlanması da, çox güman, buradan irəli gəlir. Qaraçuxa itən sürünün keşiyini çəkərək onun qurda-quşa yem olmasına qoymur, yiyəsiz sürüyə keşik çəkərək oğruların sürüdən qoyun oğurlamasına imkan vermir, axşamdan qalanan ocaq gecə alışdıqda ev yiyəsini səsləyib oyadaraq yanğının yayılmasının qarşısını alır və s. Naxışın zahiri əlamətləri haqqında isə dəqiq təsvir yoxdur. Qaraçuxa bir qayda olaraq insandan kənarda mövcuddur, naxışın isə bəzi mətnlərdə insanın daxilində, digərlərində ondan kənarda olduğu qeyd olunur. Məsələn, Bəxtlə Naxışın mübahisəsindən bəhs edən nağılda Naxış insanın daxilində təsvir olunur. Naxış insanın bədəninə daxil olduqda onun işləri yaxşı gedir, bədəni tərk etdikdə isə uğursuzluqlar başlayır. Hami ruhun insan bədənində olması arxaik mifoloji təsəvvürlərdə də mövcuddur. Şaman inanclarında altı növ ruh olduğu, bunlardan birinin də insanın bəxt ruhu olduğu qeyd olunur.

Tədqiqatçıların fikrincə, Qaraçuxa, Naxış mifonimləri Azərbaycan mühitində meydana çıxmışlar, bu personajların daha arxaik adı Cənubi Sibirin türk xalqları arasında qorunub saxlanmışdır. Sur, sülə, yula adı ilə tanınan həmin mifoloji personaj insanın bir neçə ruhundan biridir. O, inanın özünə bənzəyir və bədəndən çıxaraq gəzə bilir. Göyçə, Borçalı, Qazax bölgələri üçün xarakterik olan “sürün yerisin” və ya “sürün yeriməsin”, “Allah sur versin” alqış və qarğışlarında bu mifoloji personajın əski adı yaşamaqdadır (Ə.Əsgər).

Qaraçuxa haqqında təsəvvürlərə fərqli poetik formalar daxilində rast gəlinir. Bu tip mətnlərin böyük əksəriyyəti mifoloji rəvayətlərdir. Mifin təhrif olunmuş şəkli sayılan belə rəvayətlərdə hadisələr yaxın keçmişdə baş verir, hadisə şahidlərinin dilindən və yaxud onların tanıdığı hansısa bir şəxsin başına gələn hadisə kimi nağıl edilir. Nağıllarda da Qaraçuxa süjet yaradan bir personaj kimi çıxış edir. “Bəxtin axtarılması”, “Bəxtlə Naxışın mübahisəsi”, “Bəxtini yatıran insan”, “Yalançı falçı” kimi bir çox süjetlər məhz Qaraçuxa haqqında təsəvvürlər üzərində qurulmuşdur. Bundan əlavə, inamlarda, bayatılarda, digər janrlarda da Qaraçuxa haqqında təsəvvürlərə rast gəlmək mümkündür.[1]

  1. "Qaraçuxa". 2020-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.